İspaniya Milli Ornitologiya Cəmiyyəti (SEO/BirdLife) ümumxalq səsverməsi yolu ilə çəmən belibağlısını (Montagu's harrier) İspaniyada 2023-cü ilin quşu elan edib. Bu addım quşların bu növünün populyasiyasının azalması və qorunub saxlanmasına yaranan təhlükə ilə bağlı atılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kənd təsərrüfatı mühiti ilə sıx bağlı olan köçəri çəmən belibağlısı (çəmən leyi) Misir quzğunu (2355 səs) və İberiya qarabağırı (2105 səs) ilə müqayisədə daha çox (3187) səs toplayıb. Bütün bu quş növləri nəsli kəsilmə təhlükəsi ilə üzləşdiyinə görə İspaniyanın Qırmızı kitabına salınıb.
“SEO/BirdLife”ın icraçı direktoru Asunson Ruisin sözlərinə görə, məskunlaşdığı kənd təsərrüfatı yerlərində dənli bitkilərin yetişdirildiyi sahələrdə unikal və ekoloji dəyər kəsb edən bu quşun seçilməsi “tarlaların qorunmasının vacibliyi haqqında siyasətçilərin, fermerlərin və bütün vətəndaşların məlumatlılıq səviyyəsini artırmağa kömək edəcək”.
Çəmən leyi qışda Afrikaya miqrasiya edir, onu Pireney yarımadasında yazdan başlayaraq yayın sonlarınadək görmək mümkündür.
Sonuncu dövlət siyahıya alınmasına görə, İspaniya çəmən belibağlısı üçün say cəhətdən ən mühüm Avropa ölkəsidir. Sonrakı yerləri Fransa və Polşa tutur. Beləliklə, İspaniya bu quş növünün qlobal miqyasda qorunub saxlanması üçün böyük məsuliyyət daşıyır.