İranın hüquq mühafizə orqanlarının etirazçılara qarşı qəddar davranışı yeni növ etiraz aksiyasının yaranmasına səbəb olub. Tehrandakı çoxmərtəbəli binaların sakinləri evlərinin işıqlarını söndürərək eyvana çıxır və “Diktatora ölüm”, “Qadınlara azadlıq”, “Rədd olsun islam dövləti” şüarları səsləndirirlər.
NUHÇIXAN İnformasiya Agentliyi İran mətbuatına istinadla xəbər verir ki, etirazçıların bu taktikasının mahiyyəti daha az insanın həbs edilməsinə nail olmaqdır. Qaranlığa qərq olan böyük yaşayış komplekslərində etirazçıların səsi bütün Tehrana yayılır. Təhlükəsizlik qüvvələri belə aksiyanın qarşısını almaqda çətinlik çəkirlər. Hər gecə təkrarlanan bu aksiya ictimaiyyətin hakimiyyətlə barışmayacağını göstərir.
Aksiya iştirakçılarına qarşı repressiya, həbs və edamlar insanları rejim əleyhinə daha genişmiqyaslı etirazlara sövq edib.
Ötən gecə Tehranda, İsfahanda, Bəndər-Abbasda, Kirmanda, Zəncanda və digər böyük şəhərlərdə aksiyalar keçirilib və polislə qarşıdurma yaranıb. Bununla yanaşı, Böyük Britaniya, Fransa, Almaniya və Avropanın başqa şəhərlərində İran diasporunun nümayəndələri də aksiyalar keçirib, beynəlxalq ictimaiyyətdən edam və həbsləri dayandırmağı tələb ediblər.
Sosial şəbəkələrin İran seqmentində qeyd olunur ki, insanların tələblərinin nəzərə alınmaması, onlara “xarici dövlətlərin casusu” adı verilməsi gərginliyi daha da artırır. Bütün bunlardan başqa, beynəlxalq təcridin daha da artması və yeni sanksiyaların tətbiqi İran hakimiyyətini dalana dirəyib. Çıxış yolunu xarici dövlətləri ittiham etməkdə görən rejim baş örtüyü qadağasını nisbətən yumşaltsa da, sabitliyi hələ də bərpa edə bilmir. Artıq İran ictimaiyyətinin hakimiyyətdən tələbi tam siyasi xarakter daşımağa başlayıb. İnsanlar nəinki belə quruluşda yaşamaq istəmir, eləcə də hakimiyyətin ideoloji xəttini də qəbul etmirlər.