Biznesmen Yevgeni Priqojın Rusiya Müdafiə Nazirliyinin onun “Vaqner” özəl hərbi şirkətinin Soledarın ələ keçirilməsində iştirakını etiraf etdikdən sonra öz mövqeyini möhkəmləndirib
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu qənaətə Müharibə Araşdırmaları İnsitutunun (MAİ) analitikləri gəlib.
Nazirlik bir gün əvvəl Soledarın tutulduğunu açıqlamışdı. Priqojının bir neçə gün əvvəl şəhəri ələ keçirənlərin onun döyüşçüləri olduğunu söyləməsinə baxmayaraq, Müdafiə Nazirliyinin ilk məlumatında “Vaqner”in adı ümumiyyətlə qeyd olunmamışdı. MAİ-nin gündəlik icmalına görə, bu, Rusiya informasiya məkanında kəskin reaksiyaya səbəb olub. Axşama yaxın Müdafiə Nazirliyindən daha bir məlumat yayıb. Hərbi qurum bu yeni məlumatı “KİV-dən olan sorğularla” əlaqələndirib.
MN hücum əməliyyatlarının “Rusiya qoşunlarının müxtəlif növ qruplaşması” tərəfindən, “Soledarın şəhər bloklarına birbaşa hücum” isə “Vaqner” ÖHŞ-nin “hücum dəstələrinin könüllüləri” tərəfindən həyata keçirildiyini etiraf edib.
Bəzi militarist bloqçular hesab edirlər ki, Priqojın Müdafiə Nazirliyini, birincisi, qəsdən qeyri-müəyyən ritorikadan kənara çıxmağa, ikincisi, “Vaqner” ÖHŞ-nin rəsmi tanınmasından və onun hərbi səylərini qəbul etməkdən çəkinmək siyasətindən əl çəkməyə məcbur edib. İndiyədək Müdafiə Nazirliyi öz hesabatlarında “Vaqner”in adını çəkməmişdi.
“Priqojın, çox güman ki, Soledardakı qələbədən Rusiyadakı nüfuzunu artırmaq üçün alver obyekti kimi istifadə etməyə çalışır. Müdafiə Nazirliyinin ictimai etirazlara cavab olaraq “Vaqner” qüvvələrini xatırlatması Priqojının mühüm qələbəsindən xəbər verir və onun bu müharibənin həlledici iştirakçısı statusunu möhkəmləndirir”.
Qeyd edək ki, 2022-ci ilin avqustun 3-də başlayan Soledar uğrunda döyüşlər yanvar ayında şiddətlənib. Belə ki, rəsmi Moskavanın birtərəfli qaydada elan etdiyi “Milad atəşkəsi”ndə Ukrayna Ordusunun müdafiə xətti yarılıb. İşğalçı qüvvələr yanvarın 6-7-də şəhərin əhəmiyyətli hissəsini ələ keçirə bilib. Şəhərin işğalında Rusiyaya bağlı “Vaqner” özəl hərbi şirkətinin muzdluları fəal şəkildə iştirak edir.
“Vaqner” ÖHŞ rusiyalı sahibkar (eyni zamanda mətbuatda “Putinin aşpazı” kimi tanınır) Yevgeni Priqojın tərəfindən yaradılan və idarə olunan qeyri-dövlət yaraqlı qruplaşmasıdır.
2014-cü ildən qruplaşma Ukraynanın işğal altındakı bölgələrində, daha sonra isə Suriyada Bəşşar Əsədə sadiq qüvvələrin nəzarət etdiyi ərazilərdə fəaliyyət göstərir. 2017-ci ilin iyun ayında “Vaqner” ÖHŞ ABŞ-ın sanksiya siyahısına daxil edilib. 2021-ci ilin dekabrında Avropa İttifaqı qruplaşmanı Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirməkdə, Suriya və Liviyada sabitliyi, habelə insan haqlarını kobud şəkildə pozmaqda ittiham edərək ÖHŞ-yə sanksiyalar tətbiq edib. 2022-ci ilin martın 8-də, yəni Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Yaponiya da qruplaşmaya qarşı sanksiyalar tətbiq edib. BMT və Fransa “Vaqner” muzdlularını Mərkəzi Afrika Respublikasında zorlama və quldurluqda ittiham edir.
Qrup ağır texnika, artilleriya və hərbi aviasiya ilə silahlanıb.