Böyük britaniyalı tədqiqatçı Taras Kuzio Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Laçın yolundakı durumla bağlı iddialarına cavab verib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, T.Kuzio tviterdə yazıb ki, yaranmış vəziyyətə görə Ermənistan və Rusiya sülhməramlıları məsuliyyət daşıyır.
Tədqiqatçı bildirib ki, Ermənistan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli razılaşmanın tələblərini yerinə yetirmir: “Ermənistan hökuməti silahlı birləşmələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmaqla bağlı öhdəlik götürüb. Həmçinin atəşkəs sazişinin həyata keçirilməsində maraqlı olmayan Rusiya “sülhməramlıları” da Ararat Mirzoyanın yalanlarına şərait yaradır”.
Qeyd edək ki, A.Mirzoyan ATƏT-in Daimi Şurasının yanvarın 17-də keçirilən iclasında iddia edib ki, guya Laçın yolu bağlıdır və bu da qondarma respublikada humanitar böhrana səbəb olub.
Xatırladaq ki, T.Kuzio yanvarın 14-də Azərbaycana səfər edib, azərbaycanlı ekofəalların Xankəndi-Laçın yolunda aksiya keçirdikləri əraziyə baş çəkib.
Qeyd edək ki, ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 38 gündür davam edir.
Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.