ABŞ Prezidenti Co Baydenin ictimai reytinqi bu həftə 40 faiz səviyyəsinə enib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Reuters agentliyinin və Ipsos sosioloji xidmətinin keçirdiyi sorğuda iştirak edənlərin 60 faizi Baydenin işindən razı qalmadığını bildirib. Yanvarın 13-15-də keçirilən sorğuya 1035 amerikalı cəlb olunub.
Analitiklər reytinqdəki azalmanı ABŞ prezidentinin analitik mərkəzində və evində onun vitse-prezidentlik dövrünə (2008-2016-cı illər) aid məxfi sənədlərin aşkarlanması ilə əlaqələndirirlər. CNN-in yaydığı xəbərə görə, həmin sənədlərdə Ukrayna, İran və Böyük Britaniyaya dair kəşfiyyat məlumatları var.
Federal müstəntiqlər bununla əlaqədar Co Baydenin vəkili Patrik Muru, habelə Prezidentin yaxın ətrafından bir neçə nəfəri dindiriblər.
Xatırladaq ki, Co Baydenin ofisində məxfi sənədlərin aşkarlanması barədə məlumat Baş prokurorluğa ötən il noyabrın 4-də daxil olub, dekabrın 20-də belə sənədlər hazırkı prezidentin evində də tapılıb. Yanvarın 12-də bu işi təhqiq etmək üçün xüsusi prokuror təyin olunub.