İsveçin Ankaradakı səfiri PKK terror təşkilatının tərəfdarlarının yanvarın 21-də Stokholmda keçirilməsi planlaşdırılan nümayişi ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “TASS”a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.
PKK-ya bağlı dairələrin sabah Stokholmun mərkəzində nümayiş elan etdiyi, terror təşkilatları və onların tərəfdarlarının təbliğat fəaliyyətinə icazə verilməsinin üçlü razılaşmanın açıq şəkildə pozulması olduğu bildirilib.
Eyni zamanda səfirə yanvarın 21-də Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında müqəddəs Qurani-Kərimin yandırılmasına icazə verilməsi pislənilib.
“Açıq-aşkar nifrət cinayəti olan bu təxribat xarakterli hərəkəti qətiyyətlə pisləyirik və İsveçin belə münasibəti qəbuledilməzdir. Biz gözləyirik ki, bu aksiyaya icazə verilməyəcək və müqəddəs dəyərlərə qarşı təhqirlər demokratik hüquqlar adı altında müdafiə oluna bilməz”-, mənbə bildirib.