Ermənistanda ictimai-siyasi vəziyyət gərgindir

A- A A+

İctimai-siyasi xaosun hökm sürdüyü Ermənistanda baş nazir seçkisi yaxınlaşdıqca gərginlik artır. Nikol Paşinyanın Sünik vilayətinə Unan Poqasyanı qubernator təyin etməsi  narazılıqla qarşılanıb.

NUHÇIXAN xəbər verir ki, Nikol Paşinyan baş nazir postundan istefa verdikdən sonra parlamentin rəyi olmadan bu vəzifəni icra etməsi Ermənistanı bir sıra  problemlərlə üz-üzə qoya bilər. Bu barədə yazan “Joxovurd”  qəzeti bildirir ki, Avropa qurumları dekabrda gözlənilən parlament seçkilərinin nəticələrini qeyri-legitim saya bilər. Çünki, Paşinyana müxalif olan qüvvələr  artıq bundan narazılıqlarını ifadə etməyə başlayıblar. Paşinyan gözdən pərdə asmaq üçün guya istefa verib, amma hakimiyyəti əlində saxlayır. Yəni yenə də hökumətə rəhbərlik edir. Bununla isə seçki nəticələrini özü bildiyi kimi saxtalaşdırmağa nail olacaq. Elə İrəvan meri  seçkiləri də göstərdi ki, Nikol Paşinyan Ermənistanın siyasi səhnəsində öz partiyasından başqa qüvvə görmək istəmir. Sadəcə, diasporu nəzərə alıb, daşnakları 10-15 faiz səslə içəri buraxa bilər. Respublika Partiyası isə parlamentdə təmsil olunmaq üçün 4 faizlik baryeri keçə bilməyəcək. Buna görə də siyai təşkilatın əksər üzvləri seçkilərə getməyi lazımsız sayır.

Nikol Paşinyanın Sünik vilayətinə Unan Poqasyanı qubernator təyin etməsi də birmənalı qarşılanmayıb. Ötən həftə sakinlərin Ermənistan-İran magistralını bağlayaraq aksiya keçirməsi isə nəticəsiz qalıb. Paşinyan, aksiya iştirakçılarının tələbi ilə təyinatı dəyişmək əvəzinə Sünikə gələrək Poqosyanı şəxsən özü təqdim edib. Onun bu addımı mətbuatda ciddi müzakirələrə yol açıb. Qəzetlər yazır ki, qubernator postuna qaranlıq keçmişə sahib birinin təyinatı anlaşılmazdır. Bu şəxs, Ermənistanın sabiq polis rəisi Vladimir Qasparyanın müavini olduğu vaxt dinc aksiya iştirakçılarına divan tutması ilə ad çıxarıb. O, etirazlar zamanı saxlanılan şəxslərə güc tətbiq etməkdən çəkinməyib. Buna dair mətbuatda yüzlərlə fakt var. Elə Nikol Paşinyan da deputat olduğu vaxtlarda Parlamentdə onun qanunsuz əməllərini dəfələrlə müzakirəyə çıxarıb. İndi isə belə bir şəxsi qubernator təyin edir. Hətta Sünik sakinlərinin etirazlarına da məhəl qoymayıb. Ermənistan polis rəisinin müavini Valeri Osipyan da Paşinyanın seçimini dəstəkləyərək,  Unan Poqasyanla bağlı təyinatda qeyri-qanuni heç nə olmadığını bildirib. Məqalələrdə “məxməri inqilab” zamanı Paşinyanın vədlərinə də diqqət çəkilir. Qeyd olunur ki, özünü xalqdan biri kimi qələmə verən bu şəxs, Ermənistan sakinlərini əvvəlki quldur dəstəsindən xilas edəcək. Baş nazir seçildikdən sonra isə hər kəs bunun əksini gördü. Paşinyanın əksər təyinatları köhnə komandanın üzvləridir. Bu da cəmiyyətdə çaşqınlıq yaradıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: