İsveçin paytaxtı Stokholmda “Qurani-Kərim”ə qarşı həyata keçirilən təhqiredici hərəkətə icazə verilməsinin ardınca, bu gün də şəhərin mərkəzində PKK terror təşkilatı ilə əlaqəli olan qrupların ölkəmizə qarşı təxribat xarakterli aksiya keçirməsinə şərait yaradılmasını ən kəskin şəkildə qınayırıq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasında əksini tapıb.
Diqqətə çatdırılıb ki, bu aksiya terror təşkilatlarının təbliğatının qarşısını almaq üçün İsveçin də imzaladığı üçtərəfli anlaşmanın (İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün Türkiyə ilə imzaladıqları üçtərəfli anlaşma) açıq şəkildə pozulmasıdır.
Açıqlamada bir daha vurğulanıb ki, “öhdəliklərə sadiqik” söyləməklə, bu öhdəlikləri yerinə yetirmək fərqli məsələlərdir. Bir daha bildiririk ki, İsveçdən üçtərəfli anlaşmanın öhdəliklərinə uyğun olaraq, xüsusilə terrorizmlə mübarizə sahəsində ritorikadan kənar konkret və nəticəyönümlü addımlar atmasını gözləyirik.