G7 ölkələrinin xarici işlər nazirləri fevralda Rusiya-Ukrayna müharibəsinin başlanmasının birinci ildönümü ərəfəsində birlik əlaməti olaraq birgə iclas keçirəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “RBC-Ukrayna” “Japan Today” nəşrinə istinadla məlumat yayıb.
Diplomatik mənbələrdən verilən məlumata görə, G7-nin yüksək səviyyəli diplomatlarının 2023-cü ildə ilk görüşü fevralın 17-dən 19-dək keçiriləcək illik Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacaq.
Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi iclasa sədrlik edəcək. Gözlənilir ki, planlaşdırılan görüşdə xarici işlər orqanları rəhbərləri təcavüzü dayandırmaq və Ukraynaya dəstək vermək üçün Rusiyaya təzyiq göstərməkdə həmrəyliklərini bir daha təsdiq edəcəklər.
Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ-ın, eləcə də Avropa İttifaqının xarici işlər nazirlərinin də qanunun aliliyinə əsaslanan beynəlxalq asayişin qorunmasının vacibliyini bir daha təsdiqləmələri gözlənilir.