Dünyanın indiyədək qalan ən qədim ağacları - FOTOLAR
Dünyanın ən qədim yeddi ağacı təbiətin həqiqətən nə qədər güclü və davamlı ola biləcəyini göstərir. İqlim dəyişikliyi səbəbindən illər ərzində bir çox ağac növlərinin nəsli kəsilib, lakin çox sayda ağac növləri sağ qalıb və bu gün də böyüyür. Bir ağacın neçə yaşı olduğunu dəqiq öyrənmək çətindir, çünki bunun üçün bir çox fərqli amillər var.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dünyanın ən qədim ağaclarından bəziləri indiyədək qalmaqdadır və tarix boyu böyük hadisələrin şahidi olub. Belə ki, dünyanın ən yaşlı ağacı nə az, nə çox, düz 80 min yaşlı Pandodur. Bu ağac ABŞ-ın Yuta ştatında, Fişleyk Milli Meşəsində yerləşir.
Jurupa palıdının yaşı isə 13 min ildir. Bu ağac ABŞ-ın Kaliforniya ştatında, Jurupa dağlarında bitir. Ağacın növü Palmer palıdıdır və 2009-cu ildə aşkar edilib.
2008-ci ildə İsveçin Dalarna əyalətinin Fulufjället dağında aşkar edilmiş Tjikko ağacının isə 9500 yaşı var. Növü Norveç ağacıdır. Bu növ təxminən 600 ildən bir eyni yerdə yeni bir gövdə salmaq və yenidən böyümək qabiliyyəti ilə tanınır. Ağacın yaşını onun kök sistemi vasitəsilə öyrənmək mümkündür.
Metuselah 4852 yaşlı şam ağacıdır. Bu ağac Kaliforniyanın İnyo qraflığında yerləşir. Ətrafı digər qədim ağaclarla əhatə olunduğundan, onun dəqiq yeri ictimaiyyətə məlum deyil. Bu isə ağacın təbii qorunması və mümkün qədər uzun müddət qalması üçün mühüm amildir.
“Llangernyw Yew” ağacı 4000-5000 ildir ki, Uelsin Konvey əyalətindəki Llangernyw kəndində Müqəddəs Digain kilsəsinin həyətindədir. Bu ağac həm yerli folklor nağıllarının əsas simvoludur, həm də cəmiyyətdə xüsusi maraq oyadır.
Sarv-e Abarkuh isə Aralıq dənizi sərvidir və təxminən 4500 yaşı olduğu güman edilir. Ağac bütün dünyada diqqəti cəlb edib. Çünki əfsanəyə görə bu ağacı Zərdüşt peyğəmbər əkib.
Çilinin Alerce Kostero Milli Parkındakı Qran Abuelo ağacının 3648 yaşı var. Bu, Cənubi Amerikadakı ən qədim ağacdır.