“Ukrayna Belarusdan gələ biləcək təhlükələrin qarşısını almağa hazırdır”.
NUHÇIXAN İnformasiya Agentliyi “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Oleq Nikolenko deyib.
O bildirib ki, rəsmi Kiyevin ehtimal olunan ssenari ilə bağlı dəqiq planı var: “Hökumətimiz və hərbçilərimiz bununla bağlı konkret fəaliyyət planına malikdir”.
O.Nikolenko vurğulayıb ki, Rusiya bütün imkanları ilə Belarusu birbaşa savaşa çəkməyə çalışır: “Biz Minskə xəbərdarlıq edirik. Eyni zamanda xatırladırıq ki, Belarusla bağlı aqressiv niyyətimiz yoxdur”.
XİN rəsmisinin sözlərinə görə, Ukrayna hadisələrin istənilən inkişafına hazırdır və BMT Nizamnaməsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək müstəsna olaraq hərəkət edəcək.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Rusiya qoşunlarının 2023-cü ilin payızında Belarus ərazisindən Ukraynaya hücuma keçəcəyini açıqlamışdı.