Özbəkistan Prezidenti Şavkat Mirziyoyev icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəli qurulması üçün ilkin təşkilati tədbirlər haqqında fərman imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyi Özbəkistan mediasına istinadla xəbər verir ki, sənədə əsasən, büdcədən və qeyri-büdcə fondlarından maliyyələşən nazirlik və idarələrdə ümumilikdə 17 min 447 məmur ixtisar olunacaq. Bu da dövlət qulluqçularının ümumi sayının 24 faizini təşkil edir. O cümlədən, nazirlik və idarə rəhbərlərinin müavinlərinin sayı 207-dən 144-ə endirilir və ya 30 faiz azaldılır.
Nazirlik və idarə işçilərinin ümumi miqdarı 56 min 573 ştat vahidi ilə məhdudlaşdırılıb və fərman büdcədənkənar vəsaitlər hesabına əlavə ştat vahidlərinin tətbiqini qadağan edir.
İlkin hesablamalara görə, ştatların ixtisarı nəticəsində 1,5 trilyon sum (132 milyon dollar) vəsaitə qənaət olunacaq. Həmçinin 703 xidməti avtomobil və 10 bina boşalacaq ki, bu da əlavə olaraq 70 milyard sum (6 milyon dollar) məbləğində büdcə vəsaitinə qənaət deməkdir.