Əldə olunan ilkin məlumatlara görə, Yerusəlimin Neve Yaakov məhəlləsində sinaqoqa hücum edən terrorçu təkbaşına hərəkət edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.
"Terrorçunun şəxsiyyəti ilə bağlı aparılan araşdırmanın ilkin nəticələri onun bu terror aktını təkbaşına törətdiyini göstərir. Əldə olunan dəlillər onun Şərqi Qüdsün 21 yaşlı sakini olduğunu göstərir", - məlumatda deyilir.
“Yedioth Ahronoth” qəzeti daha əvvəl hücumu törədənin “Əl-Əqsa Şəhidləri Briqadaları” radikal qruplaşması ilə əlaqəsi olan Yerusəlimin Şuafat rayonunun sakini Fadi Ayyaş olduğunu bildirsə də, bu məlumat təsdiqini tapmayıb. Daha sonra “The Jerusalem Post” qəzeti terrorçunun adının Alkam Khairi olduğunu yazıb.
Polis hücum nəticəsində 7 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını təsdiqləyib. Terrorçu polislə atışmada öldürülüb.
Qeyd edək ki, yanvarın 27-də Neve Yaakov məhəlləsində sinaqoqlardan birinin yaxınlığında silahlı hücum olub. İsrail polisi hadisənin terror aktı olduğunu bildirib.