NUHÇIXAN İnformasiya Agentliyi xarici mətbuata istinadən xəbər verir ki, Ermənilərin İsrailin onlara məxsus olması iddiası yəhudilərlə toqquşmalara səbəb olub.
Məlumata görə, ilk qarşıdurma “Ağlama divarı” yaxınlığında baş verib. Toqquşmaya ermənilərin İsrailin onlara məxsus ölkə olması barədə ittihamı səbəb olub. Belə ki, ermənilərdən birinin “Bura – İsrail bizim ölkəmizdir, bura evimizdir”, - deməsi tərəflər arasında qarşıdurma yaradıb.
Qeyd edilir ki, ermənilər yəhudiləri təqib ediblər. Bunu görən yəhudilərdən biri hüquq-mühafizə orqanlarının əməkdaşlarını köməyə çağırıb.
Qarşıdurmaya polis əməkdaşları müdaxilə ediblər. Asayiş keşikçiləri dinc sakinləri təqib edən ermənilərin qarşısını kəsiblər. Toqquşmanı daha da dərinləşdirən Gevorq Kaxkecyan saxlanılıb. G.Kaxkecyan məhkəmənin qərarı ilə 20 sutka ev dustaqlığına məhkum edilib.
Qeyd edək ki, son günlər İsraildə erməni separatçılarının fəallığı hiss olunur. Buna misal kimi ermənilərin İsraildəki “Noyan Tapan” Mədəniyyət və Təhsil Mərkəzinin bəyanat yayaraq, guya ayrıseçkiliklə qarşılaşdığı iddiası ilə çıxış etməsini göstəmək olar. Bundan əlavə, Qüdsün xristian məhəlləsində ermənilərə məxsus restoranda da yəhudilərlə erməni millətçiləri arasında kütləvi dava baş verib.