Son üç həftə ərzində Əfqanıstanda əlverişsiz hava şəraiti səbəbindən donaraq ölənlərin sayı 170-i ötüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, havanın temperaturu gecə saatlarında paytaxt Kabildə mənfi 10, bəzi bölgələrdə isə 30 dərəcə olub.
Taliban hökumətinin Təbii Fəlakətlər Nazirliyinin sözçüsü Şəfiullah Rəhimi ən azı 170 nəfərin donaraq öldüyünü bildirərək deyib: “Ən çox itki Qor, Bədəhşan, Bamyan, Paktika və Paktiya əyalətlərindədir. Bu yerlərdə, xüsusilə Hindikus dağlarında çoxlu kənd var. Bizə bu günlərdə beynəlxalq kömək lazımdır, çünki yardımlarımız kifayət etmir, ləvazimat çatışmazlığı var. Ehtiyacı olan insanlara kömək etmək mümkün olmasa, vəziyyət nəzarət altına alına bilməz".
Sərt qış iqtisadiyyata da mənfi təsir göstərir. Taliban administrasiyasının Kənd Təsərrüfatı, Suvarma və Heyvandarlıq Nazirliyinin sözçüsü Mubahiddin Mustain bildirib: “20 əyalətdə 129 mini qoyun və keçi olmaqla, təxminən 260 min xırda və iribuynuzlu heyvan tələf olub. Bundan başqa, soyuq havalarda artan tələbat ödənə bilmədiyi üçün ölkə ərazisində saatlarla elektrik enerjisi kəsilir. Hətta paytaxt Kabilin mərkəzini belə gündə maksimum 8-10 saat elektrik enerjisi ilə təmin etmək olur”.