Financial Times: Almaniya və Fransa SEPAH-ın Aİ-də terror təşkilatı kimi tanınması ideyasını dəstəkləyirlər
Almaniya və Fransa İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH - İran Silahlı Qüvvələrinin elit bölmələri) Avropa İttifaqında terror təşkilatı kimi tanınması ideyasını dəstəkləyir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Berlin və Paris Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin bu yaxınlarda keçirilən iclasında SEPAH-ın terror təşkilatları siyahısına daxil edilməsini dəstəkləyiblər. Üç həftə ərzində Aİ-də bununla bağlı rəy hazırlanacağı gözlənilir. Nəşrin sitat gətirdiyi Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel bir çox üzv dövlətlərin bu təklifi dəstəklədiyini təsdiqləyib.
Qeyd edək ki, yanvarın 18-də Avropa Parlamentinin üzvləri səs çoxluğu ilə Aİ rəhbərliyini SEPAH-ı terror təşkilatı kimi tanımağa çağıran qətnaməni təsdiqləyiblər. Sənəd məsləhət xarakteri daşıyıb.