Fransada pensiya islahatına qarşı etirazlar, tətillər və nümayişlər davam edir. Ölkənin daxili işlər naziri Gerald Darmanən Marseldə keçirdiyi brifinqdə pensiya islahatına etiraz nümayişləri zamanı təhlükəsizliyi təmin etmək məqsədilə 11 min jandarm və polis əməkdaşının səfərbər olunacağını deyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Fransada pensiya islahatına qarşı etirazlar səngimək bilmir. Ümumi Əmək Konfederasiyası (CGT) yanvarın 19-da keçirilmiş etiraz tətilləri və mitinqlərində 2 milyon insanın iştirak etdiyini bəyan edib. Bu gün ölkənin 240 şəhərində etiraz nümayişlərinin keçirilməsi planlaşdırılıb. Parisdə 2000-dək “sarı jiletli”nin və 400-dək radikalın nümayişə qatılacağı bildirilir.
Ölkənin nəqliyyat sektorunun əməkdaşları tətil etdiyi üçün hərəkət iflic vəziyyətdədir. Fransa Dəmir və Hava Yolları şirkətləri tətil etdikləri üçün qatarların hərəkəti pozulub və uçuşlar ləğv edilib. “TotalEnergies” şirkətinin neft emalı zavodunda və ehtiyat anbarlarında bəzi sahələrdə işçilərin 75 faizi, bəzilərində isə 100 faizi tətil edir. Müəllimlərin 50 faizi etiraz tətilinə qoşulub.
Pensiya islahatı barədə qanun layihəsinə 7000 dəyişiklik edilib. Deputatlar bu dəyişikliklər üzrə işləməlidirlər.
Qeyd edək ki, Fransa hökuməti yanvarın 19-da pensiya islahatına qarşı səfərbərliyin kifayət qədər geniş olduğunu etiraf edib.