Fransa Prezidenti Emmanuel Makron və Baş nazir Elizabet Bornun reytinqi ölkədə planlaşdırılan pensiya islahatları fonunda aşağı düşüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumat “Odoxa” kompaniyasının “Public Senat” parlament telekanalının sifarişi ilə keçirdiyi sorğunun nəticələrində yer alıb.
Sosioloji tədqiqata əsasən, vətəndaşların yalnız 36 faizi Emmanuel Makronu yaxşı prezident sayır ki, bu da ötən ayla müqayisədə beş faiz aşağıdır. Yanvar ayında Nazirlər Kabineti rəhbərinin də reytinqi beş faiz azalaraq dekabr ayı ilə müqayisədə 31 faiz təşkil edib.
2023-cü il yanvarın 25-26-da keçirilən sosioloji rəy sorğusunda 18 yaşdan yuxarı 1004 fransalı iştirak edib.
Fransada pensiya islahatlarına qarşı kütləvi etirazlar
Əsas müddəaları yanvarın 10-da elan olunan pensiya islahatları 2030-cu ilədək təqaüd yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur. Fransa hökuməti, həmçinin bəzi peşə sahibləri üçün xüsusi pensiya rejimlərini də ləğv etmək niyyətindədir.
Qeyd edək ki, pensiya islahatlarına qarşı yanvarın 19-da baş tutan ilk tətildə 1,1 milyondan çox insan iştirak edib. Növbəti etiraz aksiyalarının bu gün keçiriləcəyi gözlənilir.