Ermənistan AES-in keçmiş baş direktoru bir milyon dollardan çox pulu mənimsəməkdə ittiham olunur

A- A A+

Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının keçmiş baş direktoru Qaqik Markosyan bir milyon dollardan çox vəsaiti mənimsəməkdə ittiham olunur.

NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Baş Prokurorluğu yayıb.

İstintaqın məlumatına görə, 2002-2014-cü illərdə AES-in baş direktoru olan Qaqik Markosyan 380 milyon dramdan çox (bir milyon dollardan çox) pul mənimsəyib.

Bildirilib ki, o, 2011-ci ildə Rusiyanın “NovEnergoProm” şirkətindən yüksək qiymətə (33,54 milyon rubl) natamam armatur dəsti (14 ədəd) alıb.

Məlumata görə, həmin material anbarda qalaraq istifadə olunmayıb. Sonra onun yararlılıq müddəti keçib.

AES 2015-ci ildə Rusiyanın “Rusatom Service”dən 592 000 dollara 37 ədəd armatur komplekti almaq məcburiyyətində qalıb.

Bildirilib ki, 2022-ci il dekabrın 22-də Ermənistan Baş Prokurorluğunun təşəbbüsü ilə Markosyana qarşı cinayət işi başlanılıb. İş Milli təhlükəsizlik Xitmətinin İstintaq İdarəsinə göndərilib. Bu il yanvarın 31-də Markosyana qarşı ittiham irəli sürülüb.

Qeyd edək ki, bu, Markosyana qarşı açılan ilk cinayət işi deyil. Hələ 2016-cı ildə o və AES-in keçmiş rəhbərliyinin başqa nümayəndələri xüsusilə irimiqyaslı mənimsəmədə ittiham olunublar.

Xatırladaq ki, Ermənistan AES-in Cənub Qafqazın, o cümlədən Azərbaycanın ekologiyasına və əhalisinə təhlükə mənbəyi olduğuna dair Beynəlxalq Atom Enerjisi Agentliyinə çoxsaylı müraciət edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: