Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş fevralın 4-də qeyd olunan Beynəlxalq İnsan Qardaşlığı Günü münasibətilə müxtəlif dinlərə və irqlərə mənsub olan insanları nifrət nitqi, məzhəbçilik və çəkişmələrin artması fonunda “sülh ittifaqı” yaratmaq üçün yeni öhdəliklərə çağırıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Baş katibin müraciətində qeyd olunub: ”Beynəlxalq İnsan Qardaşlığı Günündə bəşər ailəmizi birləşdirən dəyərləri - mərhəmət, dini anlaşma və qarşılıqlı hörməti xüsusi vurğulamaq istəyirəm. Təəssüflə qeyd etmək istəyirəm ki, bütün dünyada ayrı-seçkiliyin dərinləşməsi, insanlar arasında bərabərsizliyin genişlənməsi, ümidsizliyin, nifrət ritorikasının, məzhəbçilik və çəkişmələrin artması ilə bu dəyərlər məhv edilir".
BMT-nin Baş katibi Roma Papası Fransisk və Əl-Əzhər Böyük İmamı Şeyx Əhməd Əl-Tayibin 2019-cu il fevralın 4-də Əbu-Dabidə birgə imzaladıqları “Dünyada Sülh və Birgəyaşayış naminə Bəşəriyyətin Qardaşlığı” Bəyannaməsini dinlərarası harmoniya və insan həmrəyliyi üçün bir model adlandırıb. O vurğulayıb: "Gəlin hamımız ilham alaq və bir insan ailəsi kimi birlikdə olmaq öhdəliyimizi təzələyək. Müxtəliflik baxımından zəngin, ləyaqət və hüquqlar baxımından bərabər, həmrəylik şəraitində möhkəm sülh ittifaqı quraq".
Qeyd edək ki, 2020-ci il dekabrın 21-də BMT Baş Assambleyası Birləşmiş Ərəb Əmirlikləri və Misirin birgə təşəbbüsü ilə 4 fevral tarixini Beynəlxalq İnsan Qardaşlığı Günü elan edib.