Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) müharibə nəticəsində yaranmış vəziyyətə görə Ukraynanı dünyada səhiyyə üzrə kəskin fövqəladə vəziyyət yaranmış səkkiz regiondan biri kimi dəyərləndirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, beynəlxalq qurumun hesabatında ötən ilin doqquz ayı ərzində hərbi əməliyyatlar nəticəsində Ukraynada 14 mindən çox mülki şəxsin həlak olduğu əksini tapıb. Qeyd edilib ki, hazırda 17,7 milyon insanın humanitar yardıma ehtiyacı var və 7,5 milyon ukraynalı Avropa ölkələrində qaçqın kimi yaşayır. Dünya üzrə səhiyyə müəssisələrinə ağır silahlarla edilmiş 471 hücumun 448-i Ukraynada baş verib.
Təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən İcraiyyə Şurasına təqdim edilmiş hesabat Rusiya tərəfindən tənqid edilib, sənədin birtərəfli və əsassız olduğu göstərilib. Rəsmi Moskva Ukraynada mülki obyektlərin hədəfə alınmadığını iddia edir.