Deputatlar ictimai rəyin mütləq əksəriyyətinə qarşı çıxa bilməzlər. Bu, demokratik problem yaradır. Onlar beş il müddətinə seçilsələr də, bu dövr ərzində istədiklərini edə bilməzlər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Fransa Ümumi Əmək Konfederasiya (CGT) Həmkarlar İttifaqının baş katibi Filip Martinez səsləndirib. O bildirib ki, pensiya islahatı layihəsi ölkə vətəndaşlarının əksəriyyətinin etirazı ilə qarşılanıb.
Parlament müzakirələri zamanı 20 mindən çox dəyişikliklə bağlı qərarlar veriləcək və nəticədə hansı deputatın bu islahatları dəstəklədiyi, hansılarının isə dəstəkləmədiyi aşkar olunacaq.
“Layihə Milli Assambleya tərəfindən qəbul olunarsa, tətillər və etiraz nümayişləri davam edəcək. Çünki hesab edirik ki, pensiya islahatı mətni bu ölkənin vətəndaşlarının əksəriyyəti tərəfindən rədd olunur”, - deyə CGT-nin baş katibi vurğulayıb.
Xatırladaq ki, pensiya islahatı ilə bağlı qanun layihəsi artıq Milli Assambleyaya göndərilib. Deputatlar pensiya islahatı layihəsinə dair müxtəlif siyasi partiyalar tərəfindən irəli sürülmüş 20 mindən çox dəyişikliyi müzakirə etməlidirlər.