Pakistanın Baş naziri Şahbaz Şərif zəlzələdən sonra həmrəylik nümayiş etdirərək Türkiyəyə səfərini təxirə salıb.
NUHÇIXAN İnformasiya Agentliyi “The News International” qəzetinə istinadla xəbər verir ki, səfərin yeni tarixi sonra elan olunacaq. Pakistan hökumətinin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla humanitar yardımı müzakirə etməyi və zəlzələdən zərər çəkən bölgələrə ziyarəti planlaşdırırdı.
Fevralın 7-də Pakistan Ankaraya mobil hospital, humanitar yardım, həkimlər qrupu və xilasedicilər göndərib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Fevralın 7-də Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə daha bir zəlzələ olub.
Yeraltı təkanlar Türkiyə ilə yanaşı Suriyada da dağıntılara və tələfata səbəb olub, həmçinin regionun bir çox ölkələrində hiss edilib. Beynəlxalq “Qızıl aypara” cəmiyyətinin məlumatına görə, zəlzələ nəticəsində Suriyada 1,5 mindən çox insan həlak olub.