Əgər siz son ayda böyük maraq doğuran və uzun müddət göy üzündə olan kometanı görməmisinizsə, əhvalınızı pozmağa dəyməz. Hələ də şansınız var.
NUHÇIXAN İnformasiya Agentliyi “Forbes” nəşrinə istinadla xəbər verir ki, son dəfə neandertal insanların gördükləri Yer kürəsinə ən yaxın kometa artıq fevralın 1-də planetimizə yaxınlaşıb. Lakin çox parlaq olan Ay uçan quyruqlu “yaşıl” kürədən tam zövq almağa maneə törədib. Bu həftə C/2022 E3 ZTF kometasını səmada kifayət qədər yaxşı müşahidə etmək üçün unikal imkan yaranıb. Onun 50 min ildən sonra yenidən Günəşə doğru uçacağı ehtimalının olmadığını nəzərə alsaq, bu, bəşəriyyət üçün həmin kosmik obyekti görməyin son şansı ola bilər.
C/2022 E3 ZTF kometası uçduğu zaman səmada görünən xarakterik əlamətinə görə “yaşıl” adlandırılıb. Bu uzunmüddətli kometa son dəfə Yerə 50 min il əvvəl yaxınlaşıb. Həmin dövrdə neandertal insanlar və “Homo Sapiens” Avropanın bəzi hissələrində qonşuluqda yaşayıblar və biz bu kometanı görən insan növünün son nümayəndələri ola bilərik.
Bu kometa barədə mətbuatda ən çox ötən həftə yazılıb. Belə ki, fevralın 1-də Günəşlə bir neçə dəfə “rastlaşan” bu göy cismi Yerə ən yaxın məsafədə olub. Yaxın məsafədə olmaq nə deməkdir? Kosmik ölçülərə görə, 41,5 milyon kilometr heç də uzaq deyil. Bundan sonra kometaya maraq birdən-birə azalıb. Çox parlaq olan Ay həmin gün və növbəti bir neçə gün ərzində gecə səmasında nadir kometanın uçuşunu aydın müşahidə etməyə imkan verməyib.
Ancaq bu həftə planetimizdən tədricən aralanan C/2022 E3 ZTF kometasını maksimal aydın şəkildə görmək üçün unikal imkan yaranıb. Həftənin sonunda Ayın o qədər də parlaq olmayacağını nəzərə alsaq, ulduzların fonunda o qədər də çox fərqlənməyən obyekti aydın görmək mümkün olacaq.
Alimlərin sözlərinə görə, fevralın 9-u - cümə axşamından etibarən növbəti 10 gün ərzində axşam səması demək olar ki, Ay işığından məhrum olacaq. Bu o deməkdir ki, göy üzü daha çox qaranlığa bürünəcək və “yaşıl” buz kürəni müşahidə etmək üçün əlverişli şərait yaranacaq. Lazım olan yeganə alət isə binokldur, çünki adi gözlə kosmik obyekti görmək mümkün deyil.