İtaliya Nazirlər Şurası Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələlərdən zərərçəkənlərə yardım üçün 11 milyon avro ayrılması barədə qərar qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Nazirlər Şurasının son iclasının yekunları ilə bağlı dərc edilmiş sənəddə deyilir.
“Nazirlər Şurası Türkiyə və Suriyada baş vermiş zəlzələlərlə əlaqədar altı ay müddətinə xaricdə əməliyyatlar üçün fövqəladə vəziyyət elan edilməsi barədə qərar qəbul edib” - mətndə bildirilir: “Əhaliyə təcili yardım üçün 11 milyon avro məbləğində vəsait ayrılıb”.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Suriya da daxil olmaqla, ölkənin 10 vilayətində və qonşu dövlətlərdə hiss olunub. Son məlumatlara görə, Türkiyədə 17 mindən çox insan ölüb, 70 mindən çox insan yaralanıb.