Avropada havaların istiləşəcəyi barədə proqnozlar fonunda min kubmetr qazın qiyməti ötən ilin noyabrından bəri ilk dəfə 600 dollardan aşağı düşüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, fevralın 10-da Niderlandın TTF habında qazın qiyməti 2 faiz ucuzlaşaraq 596 dollardan satılır.
Avropada qısamüddətli soyuqlar nəticəsində külək generasiyası azalıb və cari həftənin ilk dörd günü ərzində regionun elektrik təminatının yalnız 14 faizini təmin edə bilib. Halbuki ötən həftə külək enerjisinin payı orta hesabla 21 faizə çatmışdı.
Hazırda Avropanın yeraltı anbarlarında qaz ehtiyatları 68,16 faizə qədər azalsa da, son beş ilin orta göstəricisindən 20 faiz çoxdur.
Qazın qiymətinin ucuzlaşması sənayedə mavi yanacağa tələbatın bərpasını stimullaşdıra bilər. Məhz sənaye tələbatının azaldılması sayəsində istehlakın müşahidə edilən səviyyədə qənaətinə nail olunub.