Şimali Amerika Hava Hücumundan Müdafiə Komandanlığı Çinə məxsus hava şarını və Alyaska və Kanada üzərində uçan naməlum obyektləri vurmasından sonra, bu dəfə Kanada ilə sərhəddə uçan naməlum obyekti zərərsizləşdiriblər.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, Miçiqan ştatının respublikaçı nümayəndəsi Cek Berqman öz tviter hesabındakı açıqlamasında "Müdafiə Nazirliyi Böyük Göllər Bölgəsindəki əməliyyatlarla bağlı mənimlə əlaqə saxladı. ABŞ ordusu Huron gölü üzərində yeni bir naməlum obyekti vurub", - deyə bildirib.
ABŞ hərbçiləri fevralın 4-də Cənubi Karolina sahillərində Montana üzərində Çinə məxsus hava şarını vurub. Pentaqon fevralın 9-da Alyaskada naməlum obyekti zərərsizləşdirib. Fevralın 12-də Kanadanın Baş naziri Castin Trüdo ABŞ ilə əməkdaşlıq çərçivəsində Kanadanın Yukon bölgəsi üzərində yeni bir naməlum cisim düşürüldüyünü açıqlamışdı. Beləliklə, ABŞ hərbçiləri son 10 gündə ümumilikdə 4 hava obyektini vurub.
Qeyd edək ki, Şimali Amerika Hava Hücumundan Müdafiə Komandanlığı nüvə silahlarının yerləşdirildiyi Montana əyaləti üzərində qeyri-müəyyən radar fəaliyyəti təsbit edilməsi səbəbindən bölgəni qısa müddətə uçuşlara bağlamış, lakin araşdırmalar zamanı radar təsbitləri ilə əlaqəli hər hansı obyekt tapılmadığını açıqlamışdı.