NUHÇIXAN xəbər verir ki, Ermənistanın Epress.am saytı 1988-ci ildə bu ölkənin Quqark rayonunda azərbaycanlıların kütləvi qətlə yetirilməsi barədə material dərc edib. Məqalədə 30 ildir gizli saxlanılan faktlar açıqlanıb. O vaxt Quqarkda azərbaycanlıların diri-diri yandırılmağının şahidi olan ermənilər ilk dəfə baş verənləri etiraf edib, hadisələri olduğu kimi danışıblar.
Jurnalist Mane Papyanın 1988-ci ildə rayonda baş vermiş hadisələrə yenidən qayıtması bir sıra erməni kütləvi informasiya vasitələrini şoka salıb. Mane Papyan faciəli hadisələrin baş verdiyi kəndlərə gedib və hadisə şahidləri ilə söhbət edib.
Şahidlər azərbaycanlılara qarşı haqsızlıqları, günahsızların necə öldürüldüyünü danışaraq, erməni vəhşiliyini ifşa ediblər. Məsələn, həmin vaxtlar Vanadzorda prokuror işləmiş Qriqori Şahverdiyan illərdir gizlətdiyi arxiv sənədlərini üzə çıxarıb. O bildirib ki, 1988-ci ilin martından noyabrına kimi Quqark rayonunda 624 azərbaycanlı milli münaqişə zəminində əsassız olaraq işdən çıxarılıb. Onların çoxu hədə-qorxu, təqib və hücuma məruz qalıb. Bazarda işləyən azərbaycanlıları döyərək mallarını əllərindən alıblar. Şahverdiyanın sənədlərində azərbaycanlıların yalnız öz evlərində deyil, iş yerlərində də həmkarları tərəfindən döyülməsi üzrə 42 cinayət faktı qeydə alınıb.
Şahverdiyan ən dəhşətli hadisənin Şaumyan kəndində baş verdiyini deyib. Həmin günlərdə Kirovakan şəhərində 7 azərbaycanlı qətlə yetirilib. Burada azğınlaşmış ermənilər azərbaycanlıları hətta yüksəkliklərdən yerə ataraq öldürüblər.
Quqark qırğınından sonra Qarabağa gedərək orada da dinc azərbaycanlıları qətlə yetirən Samvel Vardanyan adlı erməni isə o vaxt istifadə etdiyi silahları da nümayiş etdirərək, azərbaycanlıları dağlarda qırdıqlarını etiraf edib.
Şaumyan sakini Stepan Ayvazyan kənddə qalmış azərbaycanlıların Kirovakandan gəlmiş ermənilər tərəfindən öldürülüb yandırıldığını söyləyib.
Şaumyan kəndində həmin günlərdə məktəb direktorunun müavini işləmiş Rima Sarqsyan isə etiraf edib ki, milli münaqişə zamanı qaçıb məktəblərdə gizlənən azərbaycanlılar ermənilər tərəfindən yandırılıblar. Epress.am saytının əməkdaşı Mane Papyanın suallarını cavablandıran "Qarabağ" komitəsinin keçmiş üzvü Artur Sakuns isə bildirib ki, Moskvadan gələn prokurorluq əməkdaşları tərəfindən üzvü olduğu komitə də daxil olmaqla, Quqark qırğınını törədənlər həbs olunsa da, az sonra onlar azad olunublar.