Meksikanın Milli Antropologiya və Tarix İnstitutunun (INAH) arxeoloqları ölkənin Tamaulipas ştatındakı El-Naraxho məntəqəsində dairəvi kurqanlar aşkar ediblər.
“Heritage Daily” nəşrinin xəbərində bildirilir ki, bu ərazidə qazıntılar Meksika hökuməti tərəfindən maliyyələşdirilən Mante-Okampo-Tula şosesinin tikintisinə hazırlıq işləri çərçivəsində aparılıb. NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, tədqiqatçılar tapılan dörd kurqandan ikisində qazıntılar apardıqları zaman eramızın 600-900-cü illərini əhatə edən klassik dövrə aid məzarlıqlar, onların içərisindən keramika nümunələri tapıblar. Kurqanları forması isə uasteklərin mədəni-məişət ənənələrinə uyğundur.
Uastek sivilizasiyası Kolumb dövrünədək olan mezoamerika mədəniyyətidir və Meksika körfəzinin sahilləri olan ərazini, o cümlədən Verakrus ştatının şimal hissəsi, qonşu İdalqo, Keretaro, San-Luis-Potosi və Tamaulipas ştatlarının bölgələrini əhatə edir.
Ənənəyə görə, uasteklər tez-tez iri şəhərlərin mərkəzlərində böyük kurqanlar ucaldırdılar. Bunların arasında Vista-Ermos və Platanito kimi qiymətli arxeoloji abidələri göstərmək olar.
El-Naranxoda dairəvi kurqanlardan birinin diametri 20 metrdir və gil və bazaltdan tikilib. Bu materialların uzaqlardan gətirildiyi ehtimal olunur. Kurqanda yanında çiçək formasında balıqqulağından hazırlanmış bəzək əşyaları, o cümlədən yaşıl kvarsdan sırğaları olan üç yetkin insan dəfn edilib.
Diametri 30 metr olan kurqanın gil konstruksiyasının içərisində də yaşlı insan məzarı var. Bütün dəfn formaları uasteklərin Tamaulipas ştatının cənubundakı San-Luis-Potos məntəqəsində olan kurqanların analoqudur.