İsrailin xarici işlər naziri Eli Koen fevralın 16-da Kiyevə gəlib. Bu, Ukraynada tammiqyaslı müharibə başlanan vaxtdan İsrailin yüksəkvəzifəli məmurunun bu ölkəyə ilk səfəridir.
NUHÇIXAN İnformasiya Agentliyi “The Jerusalem Post”a istinadla xəbər verir ki, Koen müharibə başlanandan sonra birinci səfəri çərçivəsində Buça və Babiy Yar bölgələrinə baş çəkmək, həmçinin İsrailin Kiyevdəki səfirliyinin işini bərpa etmək niyyətindədir. Xatırladaq ki, Rusiya Federasiyasının müdaxiləsi səbəbindən bu səfirlik bağlanmışdı.
Bundan başqa, nazir Ukrayna Prezidenti Volodimir Zelenski, Ukrayna Xarici İşlər Nazirliyinin başçısı Dmitro Kuleba və yəhudi icmasının üzvləri ilə görüşəcək.
Nazir deyib: "Mən döyüş əməliyyatları başlanandan bəri ilk dəfə İsrail naziri kimi Kiyevə səfərə gəlmişəm. Keçən il ərzində İsrail Ukrayna xalqının və Ukraynanın tərəfində olub. Bu gün biz Kiyevdə İsrailin səfirliyində İsrail bayrağını qaldıracağıq. Bu səfirlik iki ölkə arasında əlaqələrin möhkəmlədilməsi məqsədilə daimi fəaliyyətini bərpa edəcək”.