Serbiyadan Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkmiş insanlar üçün daha bir humanitar yardım karvanı yola salınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, paytaxt Belqraddan yola düşən yük maşınları zəlzələ bölgələrinə qış paltarları, yorğan-döşək, ərzaq məhsulları, həmçinin fasiləsiz enerji təminatı üçün stasionar generatorlar və qızdırıcı cihazlar çatdıracaq.
Bosniyalıların sıx məskunlaşdığı Sancak bölgəsinin ən böyük şəhəri olan Novi Pazardan daha 15 yük maşını Türkiyəyə yola düşüb. Şəhər Administrasiyasının açdığı ianə hesabına indiyədək 105 min avro vəsait toplanıb, 20 min avroluq yardım isə şəhər büdcəsindən Türkiyəyə ayrılıb.
Qeyd edək ki, Serbiya axtarış-xilasetmə qrupları bu vaxtadək zəlzələ bölgələrində 3 nəfəri dağıntılar altından xilas edib.