Yaponiya hökuməti qanunvericiliyə silahlı qüvvələrin ölkənin hava məkanını pozan xarici aerostat və PUA-ları vurmasına imkan verəcək düzəlişlər etməyə hazırlaşır.
NUHÇIXAN İnformasiya Agentliyi Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Yasukadzu Hamada bildirib.
Hazırda silahlı qüvvələrin fəaliyyətini tənzimləyən qanunvericilik ölkənin hərbi hava qüvvələrinə qırıcı təyyarələri qaldıraraq hava məkanını pozan xarici aviasiyanı geri dönməyə məcbur etmək və onu müşayiət etmək hüququ verir. Lakin onların yalnız istisna hallarda silahdan istifadəyə icazəsi olur.
Bir müddət öncə Yaponiyanın Müdafiə Nazirliyi 2019-cu ilin noyabr, 2020-ci ilin yanvar və 2021-ci ilin sentyabr aylarında ölkənin hava məkanında müşahidə olunan aerostatların böyük ehtimalla Çinə aid olması barədə təhqiqatın nəticələrini dərc edib. Çin isə öz növbəsində ittihamlara cavab olaraq Tokionun yetərincə sübutunun olmadığını bildirib və Yaponiyaya etiraz notası göndərib.
Qeyd edək ki, fevralın 4-də ABŞ-ın hava məkanını pozan aerostat vurulub. Pentaqonun məlumatına görə, hava şarı Çinə məxsus olub və Birləşmiş Ştatlar üzərində vacib informasiya toplamaq üçün uçub. Bu səbəbdən dövlət katibi Entoni Blinken Pekinə səfərini təxirə salıb.
Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, mülki təyinatlı hava şarı güclü qərb küləyi səbəbindən idarəetməni itirib və müəyyən olunan marşrutdan çıxıb. Pekin, həmçinin 2022-ci ilin may ayından bəri Birləşmiş Ştatlara məxsus aerostatların dəfələrlə Çinin hava məkanına daxil olduğunu iddia edib.