Ukrayna ilə Rusiya arasında əsirlərin növbəti mübadiləsi baş verib, 100 Ukrayna əsgəri və bir mülki vətəndaş evlərinə qayıdıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukraynanın Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.
Azad edilən hərbi qulluqçular arasında Milli Qvardiyanın üzvləri, sərhədçilər və Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri də var. Onlardan 94-ü Mariupolun müdafiəçisi, o cümlədən 63-ü “Azovstal” əsgəridir. Bu dəfə mübadilə nəticəsində azad edilən bütün hərbçilər sıravi əsgərlər və çavuşlardır.
Yermak qeyd edib ki, qəhrəmanların çoxu müxtəlif dərəcəli xəsarətlər alıb.
Ali Radanın insan hüquqları üzrə komissarı Dmitri Lubinets bildirib ki, qayıdanların hər biri lazımi tibbi yardım alacaq, reabilitasiyadan keçəcək, sənədlərini və bank kartlarını bərpa edə biləcək.
Hərbi əsirlərin müalicəsi üzrə koordinasiya qərargahının məlumatına görə, qaytarılan mülki şəxs Enerqodar merinin birinci müavini İvan Samoydyukdur.
Qeyd edilib ki, genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna 1863 vətəndaşını geri qaytarıb.
Xatırladaq ki, Ukrayna sonuncu dəfə fevralın 4-də Mariupolun müdafiəçiləri, Xerson partizanları və Baxmutdan olan snayperlər də daxil olmaqla, 116 hərbçisini əsirlikdən geri qaytarıb.