Skandinaviya ölkələri güclü qasırğaya hazırlaşırlar.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Otto adı verilən cari ilin ilk böyük qasırğası Danimarka, Norveç və İsveç sahillərinə yaxınlaşıb.
Daha əvvəl Böyük Britaniyanın şimal hissəsini bürüyən Otto 30 mindən çox evi işıqsız qoyaraq ciddi problemlərə səbəb olub. Küləyinin sürəti saatda 100 kilometri ötüb. Qasırğanın fəsadları hələ də aradan qaldırılır. Böyük Britaniyanın bəzi bölgələrində dəmir yolu xidmətləri, həmçinin bərələrin gediş-gəlişi və ictimai nəqliyyatın fəaliyyəti tamamilə və ya qismən dayandırılıb.
İsveç və Norveçdə narıncı həyəcan siqnalı elan olunub. Norveç hakimiyyəti artıq bərə nəqliyyatını dayandırıb və bir sıra hava limanlarında uçuşları ləğv edib.
Mövcud hava şəraiti ilə əlaqədar İsveç Nəqliyyat Administrasiyası növbəti iki gün ərzində Malmö və Göteborqa gedən bütün qatarları və bir sıra reysləri dayandırıb. Bundan əlavə, fırtına səbəbindən İsveçin cənub-qərbində və cənubunda daha bir neçə dəmir yolu xətti fəaliyyət göstərmir. İsveç Nəqliyyat Administrasiyası avtomobil sürücülərini zərurət olmadıqda yollarda hərəkət etməməyə çağırıb.
Qonşu Danimarkada, xüsusilə Şimal-Qərb və Şimali Yutlandiyada qasırğa başlayıb. Hakimiyyət vətəndaşlara yaşayış yerini ciddi səbəb olmadan tərk etməməyi tövsiyə edib.
Paytaxt Kopenhagendə isə bir neçə hündürmərtəbəli binanın sakinlərinə mənzillərini tərk etmək tapşırılıb. Həmin binaların “Otto” fırtınasında uçmaq təhlükəsi ilə üzləşə biləcəyi bildirilir.