İranda rejimə qarşı etiraz aksiyaları səngimir.
NUHÇIXAN İnformasiya Agentliyi “Radio Fərda”ya istinadən xəbər verir ki, paytaxt Tehran şəhərinin şimal-qərbində yerləşən Cənnətabad rayonunda sakinlər küçələrə çıxıblar.
Onlar “Diktatora ölüm!”, “Azadlıq, azadlıq, azadlıq!”, “Xameneiyə ölüm!”, “Bu il Seyid Əli Sərqununu evinin yıxılması ilidir!”, “SEPAH-çılara ölüm!” şüarları səsləndiriblər.
Məlumata görə, ötən gecə Tehranın Baqeri rayonunda da etiraz aksiyası keçirilib və rejim əleyhinə şüarlar səsləndirilib.
Ötən gün həmkarlar təşkilatlarının çağırışı ilə Tehranın bir neçə rayonun ticarət mərkəzlərində tətil elan olunub.
Bildirilib ki, bir neçə çörəkçi Tehranda yaşayış şəraitinə, Yasuc bələdiyyəsindən bir qrup işçi isə valilik binası qarşısında borclarının ödənilməməsinə və başqa tələblərinin yerinə yetirilməməsinə etiraz ediblər.
Bundan əlavə, bazar günü Kermanşah, Əhvaz, Şuş və Şuştərdə də pensiyaçılar toplaşaraq, həyat şəraitinin pis olmasına və hökumətin onların tələblərinə əhəmiyyət verməməsinə etiraz olaraq şüarlar səsləndiriblər.
Eyni zamanda, Güney Azərbaycanın Təbriz şəhərində də bir sıra təhsil işçiləri etiraz aksiyası keçirib. “Yəzd Baft” toxuculuq fabrikinin bir qrup fəhləsi isə tələblərinin yerinə yetirilməməsinə etiraz olaraq tətil ealn ediblər. Onlar aksiya keçiriblər.
Son illərdə İran cəmiyyətinin bir çox təbəqələri, xüsusən də təqaüdçülər müxtəlif şəhərlərdə etiraz mitinqləri keçirərək həyat şəraitlərinin yaxşılaşdırılması tələbini irəli sürürlər. Onlar hakimiyyətin verdiyi vədləri yerinə yetirməməsinə etiraz ediblər. Son zamanlar İranda keçirilən etiraz aksiyalarında sosialyönlü etirazçıların da sayı artıb.
Bundan başqa, İranın Qum şəhərində tələbələr arasında yenidən müəmmalı zəhərlənmə halları baş verib. Bazar günü Qum Tibb Elmləri Universitetinin daha 11 tələbəsi yeməkdən zəhərlənib və xəstəxanaya yerləşdiriliblər.
Etiraz aksiyaları zamanı qətlə yetirilən 9 yaşlı Kian Pirflekin ailə üzvlərinə və qohumlarına hakimiyyətin təzyiqi davam edir. Onun atası Meişam və anası Zeynəb polisə çağırılıb. Məlumata görə, Kianın atası da hadisələr zamanı aldığı güllə yarasından hələ də ağır fiziki və ruhi vəziyyətdədir.