ABŞ Ukraynaya vəd etdiyi dəstəyin həcminə görə ilk yeri tutur. Birləşmiş Ştatlar il ərzində Kiyevə ümumilikdə 73,1 milyard avroluq yardım göstərməyi öhdəsinə götürüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Dünya İqtisadiyyatı İnstitutu məlumat yayıb. Məlumata görə, Avropa ittifaqı ölkələrinin vəd etdiyi yardım isə 54,9 milyard avrodur. Tədqiqatçılar Qərbin Kiyevə maliyyə və hərbi dəstəyinin artmasına baxmayaraq, humanitar yardımın həcminin dəyişmədiyini bildiriblər.
Dünya İqtisadiyyatı İnstitutu Ukraynada müharibənin başladığı fevralın 24-dən bəri Kiyevə vəd edilən hərbi, maliyyə və humanitar yardımın qeydiyyatını aparır. Ekspertlər 40 dövlətin, xüsusən Avropa İttifaqı və Yeddilər qrupu ölkələrinin, Avstraliya, Yeni Zelandiya, Norveç, Türkiyə, İsveçrə və Cənubi Koreyanın, həmçinin Aİ institutlarının öhdəliklərinə dair statistik məlumatlar toplayır. Fərdi ianələr statistikaya daxil edilmir.