“Ericsson” şirkəti xərcləri azaltmaq məqsədilə 1400 işçisini ixtisar edəcəyini bildirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ixtisarlar şirkətin İsveçdəki ofislərində aparılacaq.
2022-ci ilin 4-cü rübü üzrə hesabata əsasən, “Ericsson” şirkətində dünya üzrə 105 min 529, İsveçdə isə 14 min 481 nəfər işləyir. Deməli, şirkət İsveçdəki ümumi işçi qüvvəsinin 10 faizini ixtisar edəcək.
Yanvarın 20-də “Ericsson” 2022-ci maliyyə ili üçün satış göstəricilərini təqdim edib. Belə ki, ümumi xalis satışlar illik müqayisədə 17 faiz artaraq 271,5 milyard SEK-ə (26,2 milyard ABŞ dollarına) çatıb. Lakin xalis gəlir 17 faiz azalaraq 19,1 milyard SEK-ə (1,84 milyard ABŞ dolları) düşüb.
Şirkətin prezidenti və baş icraçı direktoru Börje Ekholm deyib: “Öz fəaliyyətimiz üçün uzunmüddətli perspektivə müsbət yanaşırıq. Lakin kapital bazarlarında yaxın müddətli perspektiv qeyri-müəyyən olaraq qalır. Biz gözləyirik ki, operatorlar makroiqtisadi çətinliklərə cavab olaraq xərclərini daha çox azaltmaqla aktivlərini idarə edəcəklər. Bundan əlavə, tədarük vəziyyəti yaxşılaşdıqca operatorların inventar səviyyələrini tənzimləmələrini gözləyirik”.