Ukrayna Prezidenti Çinin təklif etdiyi sülh planı ilə qismən razılaşdığını bildirib.
NUHÇIXAN İnformasiya Agentliyi 24tv.ua-ya istinadla xəbər verir ki, Prezident Volodimir Zelenski bu barədə keçirdiyi mətbuat konfransında deyib.
Zelenskinin sözlərinə görə, Çinin təklif etdiyi sülh planında Ukraynanın maraqları üçün istifadə oluna biləcək məqamlar var - xüsusilə, ərazi bütövlüyü və nüvə təhlükəsizliyi məsələləri.
“Hesab edirəm ki, sülh təşəbbüsündə ərazi bütövlüyünə hörmət var. Hansı ki, dövlətimizin ərazi bütövlüyü pozulub. Söhbət nüvə təhlükəsizliyindən də gedir. Bu, dünyanın, dövlətimizin maraqları ilə üst-üstə düşür”, - deyə Zelenski bildirib.
Qeyd edək ki, Ukrayna böhranının siyasi həlli ilə bağlı Çin Xarici İşlər Nazirliyinin 12 bəndlik bəyanatı dərc olunub.
Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Day Bin isə Təhlükəsizlik Şurasının Ukrayna mövzusu üzrə iclasında çıxışı zamanı Çinin Moskva və Kiyevi ilkin şərt olmadan beynəlxalq ictimaiyyətin köməyi ilə danışıqları bərpa etməyə çağırdığını bildirib. “Diplomatik danışıqlar Ukrayna böhranını həll etməyin yeganə yoludur. Beynəlxalq ictimaiyyət sülh və danışıqları təşviq etməli, danışıqların bərpası üçün əlverişli platformalar yaratmaq və asanlaşdırmaq üçün təcili çalışmalıdır. Münaqişə tərəflərini danışıqlar masası arxasına çəkmək asan iş olmayacaq. Ancaq bu, siyasi həll yolunda ilk addımdır... Biz Rusiya və Ukraynanı ilkin şərt olmadan danışıqları bərpa etməyə çağırırıq. Ukrayna böyük dövlətlər arasında mübarizə meydanı deyil, heç kim bu münaqişədən Ukrayna xalqı hesabına faydalanmağa çalışmamalıdır", - deyə diplomat qeyd edib.
“Qırmızı xətt heç vaxt keçilməməlidir. Nüvə müharibəsi aparılmamalıdır", - deyən Day Bin bildirib ki, münaqişənin genişlənməsi riski ilə əlaqədar böyük dövlətlərin üzərinə xüsusi öhdəliklər düşür: “Kommunikasiya və koordinasiya kanallarını saxlamaq, böhranın qarşısını almaq üçün hər şeyi etmək lazımdır. Beynəlxalq ictimaiyyət atom elektrik stansiyalarına və ya digər dinc nüvə obyektlərinə edilən hücumlara qarşı səsini çıxarmalıdır.”