Fransa ordusu martın 11-dək davam edəcək və çoxu fransız olan, britaniyalı, ispaniyalı və amerikalı əsgərlərdən ibarət 7000 əsgərin iştirak etdiyi hərbi təlimlərə başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi yerli mətbuata istinadla xəbər verir ki, bu, Fransa ordusunun son 30 ildə keçirdiyi ən mühüm hərbi təlimdir. Təlimlər Oksitaniya regionunun bir neçə departamentində keçirilir.
Dörd əsas mərhələdən ibarət olan təlimlər Tulondan Aralıq dənizinə qədər dəniz əməliyyatları ilə başlayıb.
Qeyd edilir ki, “Orion” adlanan bu birgə təlim 2020-ci ildən hazırlansa da, Rusiya Ukrayna münaqişəsindən sonra Fransa baş qərargahı tərəfindən daha da intensivləşdirilib. Məqsəd yüksək intensivlikli qarşıdurma zamanı fransız ordusunun real şəraitə mümkün qədər hazır olmasıdır. Donanma və hərbi hava qüvvələri son illərdə genişmiqyaslı manevrlər təşkil etməsinə baxmayaraq, ordunun belə vəziyyətə çox az hazırlıqlı olduğu qeyd edilir.
Fransız parlamentarilərinin 2023-cü ildə dərc olunmuş hesabatına görə, quru qoşunları təcrübə çatışmazlığından əziyyət çəkir. Leclerc tank ekipajları 2022-ci ildə yalnız əlli doqquz saat məşq edə biliblər və Sezar top operatorları isə cəmi 69 dəfə atəş açıblar, halbuki standart il üçün 110 mərmi müəyyən edilib.
Qarşıdan gələn yazda təlim döyüş meydanına çevriləcək və real şəraitdə 12000-ə qədər fransız və müttəfiq əsgər gərgin döyüş zamanı toqquşmaları simulyasiya edəcək. Döyüş simulyasiyasında təxminən 3000 zirehli texnikanın iştirak edəcəyi bildirilir.