İsveç NATO-ya üzvlük müraciətinin Ankara tərəfindən dəstəklənməsi üçün terrorla mübarizə istiqamətində inandırıcı addım atmayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu barədə Ankarada macarıstanlı həmkarı Peter Siyyarto ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Təəssüf ki, İsveç imzalanan memorandum çərçivəsində terrorla mübarizə sahəsində inandırıcı addım atmayıb. Türkiyə, İsveç və Finlandiya arasında üçüncü görüş martın 9-da Brüsseldə baş tutacaq. NATO-dakı dostlarımız memorandumun icra prosesini və İsveçin öhdəliklərini hələ yerinə yetirmədiyini görsün”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, İsveç hakimiyyəti konstitusiyaya və qanunvericiliyə terror təşkilatlarının maliyyələşməsinin və genişlənməsinin qarşısını alacaq düzəlişlər etsə də, həmin təşkilatlar öz fəaliyyətlərini əvvəlki kimi davam etdirə bilir.
Mövlud Çavuşoğlu, həmçinin ölkəsinin Finlandiyanın NATO üzvlüyünə qarşı heç bir iradının olmadığını, lakin belə vəziyyətdə İsveçin ərizəsinin təsdiqlənməsinin mümkünsüzlüyünü qeyd edib.