Dolların kursunun yüksəlməsinə iransayağı şərh

A- A A+

İranda dolların kursunun kəskin şəkildə yüksəlməsi və inflyasiyanın 50 faizə çatması ölkədəki sosial vəziyyəti daha da gərginləşdirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, din xadimləri ilə görüşən İran Prezidenti İbrahim Rəisi bu məsələyə gülünc münasibət bildirib. Deyib ki, dolların kursunun yüksəlməsinin günahkarları kütləvi aksiya keçirənlərdir. Onun fikrincə, xarici dövlətlərin xüsusi xidmət orqanları tərəfindən öyrədilən insanlar külli miqdarda dollar alaraq, kursun yüksəlməsinə və İran iqtisadiyyatına ziyan vurmağa nail olublar.

İran Prezidentinin bu açıqlaması nə qədər gülünc görünürsə, iqtisadiyyat elmindən də bir o qədər uzaqdır. İ.Rəisinin açıqlaması həm də onu deməyə əsas verir ki, hakimiyyət İranın nə sosial-iqtisadi, nə də ictimai-siyasi həyatında hər hansı dəyişiklik etmək fikrində deyil.

Qeyd edək ki, ötən ilin sentyabrında 22 yaşlı qızın polis zorakılığına məruz qalaraq həyatını itirməsindən sonra İranda ictimai-siyasi sabitlik pozulub. Bütün böyük şəhərlərdə bu gün də etiraz aksiyaları davam edir. Hakimiyyət xalqın səsini dinləyib tədbirlər görmək əvəzinə, aksiya iştirakçılarını xarici dövlətlərin agenti adlandırdı ki, bu da vəziyyəti daha gərginləşdirdi.

İndi də dolların kursunun yüksəlməsinin günahı aksiyaçıların üzərinə yıxılır. İranda haqqını tələb edən hər kəs günahkardır. Günahı olmayanlar isə ölkəni idarə edənlərdir. Halbuki məsuliyyəti elə ölkəni idarə edənlər daşımalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: