İtaliyada davam edən quraqlıq və su çatışmazlığı ilə mübarizə tədbirlərinin müəyyən olunması məqsədilə Baş naziri Ciorcia Meloninin sədrliyi ilə Nazirlər Şurasının fövqəladə iclası keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iclasda quraqlıq böhranı ilə mübarizə üçün nəzarət mexanizminin yaradılması barədə qərar qəbul edilib. Həmçinin bu məqsədlə atılacaq addımlarla bağlı 4 bəndlik yol xəritəsi hazırlanıb. Quraqlıq problemi ilə mübarizə tədbirlərinin prioritetləşdirilməsi, regionlar və müvafiq yerli idarəetmə orqanları ilə razılaşdırılmaqla Milli su idarəetmə Planı tərtib ediləcək.
Qeyd edək ki, hazırda Alp dağlarında qar örtüyünün hündürlüyü son 10 ilin orta göstəricisindən 53 faiz aşağıdır. Ölkənin ən böyük çayı və əsas su mənbəyi olan Po çayında suyun səviyyəsi cari ildə son 10 ildəki orta göstərici ilə müqayisədə 61 faiz aşağı olub.
Ötən ilin yaz-yay aylarında yağıntının az olması səbəbindən İtaliyada 70 ilin ən şiddətli quraqlığını yaşanıb. Keçən il kənd təsərrüfatı sektorunda isə ən azı 6 milyard avroluq itki qeydə alınıb.