Vaşinqton dövlət katibi Entoni Blinkenin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Dehlidə qısa söhbətinə görə üzr istəməyə lüzum görmür.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ABŞ dövlət departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays brifinqdə deyib.
Jurnalistlər Entoni Blinkenin Sergey Lavrovla söhbəti əsnasında Ukrayna məsələsinə toxunub-toxunmadığı ilə maraqlanıblar. Həmçinin soruşublar ki, əgər toxunulubsa, bu, münaqişənin tənzimlənməsi ilə bağlı danışıqların yalnız Kiyevin iştirakı ilə keçirilə biləcəyi barədə Ağ evin mövqeyinə zidd deyilmi? “Entoni Blinken istisnasız olaraq Ukrayna Prezidenti Volodimir Zelenskinin təklif etdiyi 10 bənd barədə danışıb”, - deyə Ned Prays suala cavabında bildirib.
Media əməkdaşları ona, həmçinin belə bir sual ünvanlayıb: görüş həqiqətənmi Entoni Blinkenin təşəbbüsü olub və bu, Vaşinqtonun Moskvaya yanaşmasında dəyişiklik baş verdiyi anlamına gəlmirmi? “Mən bilirəm ki, ruslar buna böyük məna verirlər. Lakin söhbət qısa olub. Üzr istəməli bir şey yoxdur”, - deyə Ned Prays bildirib.
Entoni Blinkenin Sergey Lavrovla qısa söhbəti Hindistanda G20 xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutub və cəmi səkkiz dəqiqə çəkib. Dövlət katibi Rusiyanın Strateji Hücum Silahlarının İxtisarına dair müqavilədə iştirakını dayandırması, Ukraynada müharibənin başa çatdırılmasının vacibliyi və məhbusların dəyişdirilməsi mövzularını qaldırıb.