İranda etiraz aksiyaları davam edir

A- A A+

İranın Tehran əyalətinin rayonlarında və Güney Azərbaycanın Ərdəbil şəhərində “Uşaq qatili olan hökumətə ölüm!” şüarı ilə etiraz aksiyası keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “RadioFarda” məlumat yayıb.

Bildirilib ki, ötən gecə Tehran əyalətinin müxtəlif rayonlarında, o cümlədən Naziabad, Tehranpars, Ponk və Əmirabadda, həmçinin Ərdəbil şəhərində hakimiyyət əleyhinə yürüş-mitinqlər təşkil olunub.

Aksiyalarda “Zəhərlənmə son ismarıcdır!” “Uşaq qatili olan hökumətə ölüm!”, “Qatil qızın hökumətinə ölüm!”, “Tələbə qızlara zəhərli qaz hücumu edənlərə lənət olsun!”, “Qatil hökumətin son məqsədi üsyanı yatırtmaqdır”, “Üsyanı zərhərləmə sonuncu üsuldur!”, “Uzun illər cinayət törədən əyalət başçılarına ölüm!”, “İslam Respublikasına ölüm!”, “Vilayəti-fəqih (İran ali rəhbərinin vəzifəsi belə adlanır-red.) prinsipinə ölüm!” şüarları səsləndirilib.

Ərdəbildə fəaliyyət göstərən Tibb Elmləri Universitetinin rektoru Əli Məhəmmədyanın sözlərinə görə, bu şəhərdə martın 2-də 11 məktəbli qız zəhərli qazla hücuma məruz qalıb. Etiraz aksiyalarının keçirilməsinə səbəb məhz budur. Ərdəbildə “Kasıblıq, korrupsiya, bahalıq! Ölürük! Sistemi devirəcəyik” şüarı da səsləndirilib.

Məlumata əsasən, İranda zəhərlənmə diqanozu ilə 400-dən çox tələbə xəstəxanaya yerləşdirilib.

Bu məqamda qeyd edək ki, Ərdəbildə intihar hadisəsi kameralara düşüb. Belə ki, gənc oğlan ölkədəki vəziyyətə etiraz olaraq şəhər ərazisində yerləşən çoxmərtəbəli binanın damından özünü yerə atıb. O, dünyasını dəyişib.

Bildirilib ki, son vaxtlar rejiminin dağıdıcı və antimilli siyasəti nəticəsində gənclərin belə radikal yollara əl ataraq canlarına qəsd etməsi faktları artıb.

Bu ölkədə keçirilən etiraz aksiyaları və ağır sosial-iqtisadi vəziyyət fonunda İran Prezidenti İbrahim Rəisinin Qadın və Ailə məsələləri üzrə müavini Ənise Xəzəlinin oğlu Seyid Hamed Rzazadənin Kanadanın Vankuver şəhərində 2 milyon ABŞ dollarına aldığı evin sənədi üzə çıxıb. Amma İran pasportu və turist vizası ilə Kanadada kredit götürmək və ya ev almaq mümkün deyil. Buna görə də İran vitse-prezidentin oğlunun Kanadada yaşamaq icazəsi olduğu bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: