Okeanların mühafizəsi ilə bağlı müxtəlif ölkələrin nümayəndələrinin iştirakı ilə təxminən on ilə yaxın müddətdə aparılan müzakirələrdən sonra tarixi razılaşma əldə olunub.
NUHÇIXAN İnformasiya Agentliyi BBC-yə istinadla xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında aparılan 38 saatlıq danışıqlardan sonra qəbul olunan “Açıq dənizlər müqaviləsi” 2030-cu ilədək dənizlərin 30 faizinin qorunan ərazilər zonasına daxil olunmasını, dəniz təbiətinin qorunmasını və bərpasını nəzərdə tutur.
Danışıqlar nəzərdə tutulan işlərin maliyyələşdirilməsi və balıqçıların hüquqları ilə bağlı fikir ayrılıqları səbəbindən on ilə yaxın davam edib.
Qeyd edək ki, okeanların mühafizəsinə dair sonuncu beynəlxalq saziş - BMT-nin “Dəniz hüququ haqqında Konvensiyası” 1982-ci ildə imzalanıb. Bu sazişə əsasən, açıq dəniz adlanan ərazinin - bütün ölkələrin balıq tutmaq, gəmiçilik fəaliyyəti həyata keçirmək və araşdırma aparmaq hüququna malik olduğu beynəlxalq suların cəmi 1,2 faizi qorunan ərazi hesab olunur. Həmin qorunan ərazilərdən kənarda yaşayan dəniz canlıları iqlim dəyişikliyi, həddindən artıq balıq ovu və gəmi nəqliyyatı səbəbindən ciddi risk altındadır. Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) son qiymətləndirməsinə əsasən, dəniz canlılarının təxminən 10 faizinin nəslinin kəsilməsi təhlükəsi var.
Yeni müqavilədə müəyyən edilmiş qorunan ərazilər səthdən 200 metr və ya daha çox dərinlikdə balıq ovuna, dənizlərin dibində kəşfiyyat fəaliyyətlərinə məhdudiyyətlər tətbiq olunub. Ətraf mühitin mühafizəsi təşkilatları mədən proseslərinin dəniz canlılarının həyatı üçün ciddi təhlükə yaratdığını iddia edirlər.