Yaponiyanın “Nissan” konserni 2026-cı ilə qədər hibrid avtomobillərinin qiymətini daxiliyanma mühərrikli avtomobillərinin səviyyəsinə endirməyi planlaşdırır.
NUHÇIXAN İnformasiya Agentliyi xarici mediaya istinadla xəbər verir ki, bu hədəf kompaniyanın mayın 9-da təqdim etdiyi yeni planda əksini tapıb.
“Nissan” qiymətlərin ucuzlaşmasına istehsalat prosesinin modernizəsi sayəsində nail olmaq niyyətindədir. Xüsusən hibrid və tam elektrik avtomobilləri üçün güc aqreqatlarının birləşdirilərək eyni xətdə istehsal edilməsi planlaşdırılır. Konsern bu yolla 2026-cı ilədək həmin komponentlərin qiymətini 2019-cu illə müqayisədə 30 faiz ucuzlaşdırmağı düşünür.
Aqreqatların təkmilləşdirilməsi, həmçinin avtomobillərin çəkisini yüngülləşdirməyə, idarəetmə keyfiyyətini yaxşılaşdırmağa, hərəkət zamanı səs və vibrasiyanı azaltmağa imkan verəcək. Bundan başqa, istehsalatda nadir metalların istifadəsinin də azaldılması planlaşdırılır.
“Nissan” konserni 2030-cu ilə qədər 27 yeni avtomobil, o cümlədən 19 elektromobil modeli istehsal etməyi qarşısına məqsəd qoyub.