Ermənistanın paytaxtı İrəvan merinin müavini və daha 10 nəfər korrupsiya ilə əlaqədar saxlanılıb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən araşdırılan cinayət işinin ibtidai istintaqının məlumatına əsasən İrəvan merinin müavini Q.Simonyanın 2020-2022-ci illərdə səhiyyə nazirinin müavini vəzifəsini tutarkən xidməti vəzifələrini yerinə yetirmədiyi, nəticədə dövlətin qanuni mənafelərinə xeyli ziyan dəydiyi məlum olub.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən bildirilib ki, cinayət prosesi zamanı əldə edilmiş faktlara əsasən, hökumət yeni koronavirus infeksiyasının qarşısının alınması, nəzarəti, müalicəsi proqramının həyata keçirilməsi üçün 26 milyarddan çox ayırıb.
Bu proqram çərçivəsində 2020-ci ildə səhiyyə nazirinin əmri ilə “Medline Clinic” BM-nin daxil olduğu COVID-19 xəstəliyinin diaqnostikası və müalicəsi üçün dövlət büdcəsindən tibbi yardım və xidmətlər göstərən tibb təşkilatlarının siyahısı təsdiq edilib.
Cinayət işləri çərçivəsində aparılan ibtidai istintaqın nəticələri ilə müəyyən edilib ki, proqram çərçivəsində “Medline Clinic” birgə müəssisəsinin təsisçi direktoru B.Ş.nin əvvəlcədən razılaşdırmaqla külli miqdarda pulu mənimsəməsi müəyyən edilib.
Qeyd edilir ki, İrəvan merinin müavini Q.Simonyan və bir sıra şəxslər əlbir olaraq külli miqdarda dövlət vəsaitini mənimsəyiblər.