Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 6-da baş verən zəlzələlərdən sonra Türkiyəyə yardım əlini uzadan ölkələrə təşəkkürünü bildirib.
NUHÇIXAN İnformasiya Agentliyi "Anadolu"ya istinadən xəbər verir ki, dövlət başçısı zəlzələləri ötən əsrin ən böyük təbii fəlakəti adlandırıb.
O, 90 ölkənin Türkiyəyə xilasetmə qrupları və həkimlər göndərdiyini vurğulayıb.
Ərdoğan episentri Kahramanmaraş olan dağıdıcı zəlzələlərdən zərər çəkmiş bölgələrdə aparılan bərpa işlərindən danışıb:
"Zəlzələlər nəqliyyatın infrastrukturuna böyük ziyan vurub. Buna baxmayaraq, Türkiyə hökuməti zərərçəkmiş vətəndaşlara kömək etmək üçün dərhal bütün qüvvələri səfərbər edib. Vətəndaşların dağıntılar altından xilas edilməsi üçün bütün xilasetmə qrupları səfərbər edilib. Hər yerdən minlərlə yük maşını humanitar yardımlar gətirib".
Türkiyə lideri xatırladıb ki, Hatay hava limanı bir həftə ərzində bərpa olunub ki, bu da təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün vacibdir.
Prezident zəlzələdən sonrakı ilk günlərdə axtarış-xilasetmə işlərinin prioritet olduğunu, lakin hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlərin aparıldığını deyib.
Dövlət başçısı təbii fəlakət zonasında aparılan bərpa işlərindən də danışıb.
"Zəlzələdən dəymiş ziyanın qiymətləndirilməsi işləri davam etdirilir. Hazırda Xatayda 183 min, 15 min kənd evinin tikintisi nəzərdə tutulur. Kırıkxanda isə 15 min 785 mənzil tikiləcək".
Ərdoğan zəlzələlərdən zərər çəkmiş bölgələrdə 426 min çadır qurulduğunu, qarşıdakı 2 ayda 100 min konteyner evin də qurulacağını bildirib.