Korsika dilinin qadağan edilməsi ada sakinlərini qəzəbləndirib

A- A A+

Korsikanın yerli parlamentində Korsika dilinin qadağan edilməsi ada sakinlərini yenidən qəzəbləndirib.

NUHÇIXAN İnformasiya Agentliyi “Corsematin.com” portalına istinadla xəbər verir ki, Bastia inzibati məhkəməsi yerli parlamentdə müzakirələrin Korsika və fransız dilləri olduğunu bildirən prosedur qaydalarının müddəalarını ləğv edib. Məhkəmə hesab edib ki, bu müddəa Fransa Konstitusiyanın 2-ci maddəsinə ziddir.

Qərar mərkəzi hökumətin adadakı ən yüksək nümayəndəsi olan Korsika prefekti tərəfindən qaldırılan məhkəmə iddiasından sonra, eləcə də Emmanuel Makron administrasiyasının yerli siyasətçilərlə Korsikaya daha çox muxtariyyət verilməsi barədə danışıqlar apardığı bir vaxtda qəbul edilib.

Muxtariyyət tərəfdarı olan aparıcı siyasətçilər məhkəmə qərarını dərhal tənqid ediblər. Adanın icra şurası və Korsika Assambleyasının sədrləri bildiriblər ki, bu qərar Korsika parlamenti üzvlərini debatlar zamanı öz dillərində danışmaq hüququndan məhrum etmək deməkdir. Adanın seçilmiş məmurları apellyasiya şikayəti veriblər. Məmurlar Korsika dilinin yaşaması və inkişafı üçün fransız dili ilə yanaşı, ona da rəsmi status verilməsinin lazım olduğunu söyləyiblər.

Müstəqillik tərəfdarı olan “Core in Fronte” partiyası tviter hesabında bu qərarı “rüsvayçı” hesab edib. Millətçi deputatlar hesab edirlər ki, məhkəmə qərarı və onun motivasiyası yalnız konstitusiyaya yenidən baxılmasının mütləq zərurətini təsdiqləyir, xüsusən də Korsika dilinin rəsmi statusunu təmin etmək, onun yaşaması və inkişafı üçün vacib şərtdir.

“Korsikada yalnız fransız dilinin istifadə oluna biləcəyinə dair hökm ayrı-seçkilik və beynəlxalq qanunların pozulmasıdır, çünki ingilis dili dövlət universitetlərində də istifadə olunur, lakin Korsika dili qadağandır”, - deyə BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varen özünün tviter hesabında müvafiq qərarın ədalətsiz olduğunu qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: