Ermənistan siyasət, müdafiə və iqtisadiyyat sahələri baxımından Rusiyadan ən çox asılı olan ilk üç ölkə sırasına daxil olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə İngiltərənin “The Economist” jurnalında dərc olunan məqalədə deyilir.
“The Economist”in hesablamalarına görə, Rusiyadan asılılıq reytinqində 9 bal toplayan Ermənistan Belarusdan sonra ikinci yerdədir.
Məqalədə bu ölkələrin Rusiya ilə hərbi sahədə, xüsusən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) əlaqələri xüsusilə vurğulanır.
Qeyd edilib ki, bu təşkilatın üzvü olan ölkələrin bir-birinə hərbi yardım göstərmək öhdəliyinə baxmayaraq, Rusiya İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın bir çox müraciətlərini təmin etməyib: “Ermənistanı 2020-ci ildə baş vermiş müharibə zamanı ərazisində yerləşdirilmiş 3500 rusiyalı hərbçinin ona köməyə gəlməməsi hiddətləndirir”.
Bildirilib ki, sadalanan məsələlər Rusiyadan asılı olan ölkələrin, xüsusən də Ermənistanın Qərb dövlətləri ilə münasibətlərinə birbaşa təsir edir, çünki Qərb əməkdaşlıq nöqteyi-nəzərdən bu dövlətlərə tam etibar etmir.
Məqalədə vurğulanıb ki, bu ölkələrin Rusiyadan aşkar asılılığına baxmayaraq, Qərb hələ də onlarla münasibətləri gücləndirməyə ümid bəsləyir.
Qeyd edək ki, siyahıda Ermənistandan başqa, Belarus, Qırğızıstan, İran, Tacikistan, Qazaxıstan, Suriya, Çin, Venesuela, Nikaraqua, Hindistan və Özbəkistan kimi ölkələrin də adları var.